1/05/2016

"TƏBİƏT FƏNLƏRİ ÜZRƏ LABDİSK RƏQƏMSAL LABORATORİYA AVADANLIĞININ TƏDRİSDƏ TƏTBİQİ" MÜSABİQƏSİ


1. İddiaçı müsabiqədə iştirak etməsi üçün www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməlidir.
2. İşlərin müsabiqəyə təqdim edilməsi www.musabiqe.edu.az səhifəsində elektron ərizə formasının (1 saylı Əlavə) doldurulması ilə həyata keçirilir.
3. Ərizədə müəllif və təmsil etdiyi müəssisə haqqında məlumatlar, layihənin adı, işi təqdim etdiyi nominasiya və işin qısa təsviri öz əksini tapmalıdır.
4. Müsabiqəyə hər bir iştirakçı tərəfindən yalnız bir resurs təqdim oluna bilər. Müsabiqəyə təqdim olunan resurslara giriş üçün əlavə qeydiyyat tələb olunmamalıdır.
5. Müsabiqəyə aparılan təcrübənin video çəkilişi və təcrübənin izahatını verən “MS Word” proqramında sənəd şəklində laboratoriya hesabatı təqdim edilməlidir. Təqdim olunan video ən az 7 dəqiqə olmalıdır. Burada təcrübə ilkin mərhələdən son nəticəyə qədər aydın və izahlı şəkildə təqdim olunmalıdır. Təcrübəni həyata keçirən şəxs ilk saniyələrdə özünü təqdim etməli və çəkiliş zamanı təcrübənin izahatı onun tərəfindən verilməlidir. Təcrübəni təsvir edən “MS Word” sənəd formatında olan laboratoriya hesabatı təqdim edilən video ilə uzlaşmalı və aparılan təcrübənin məqsədi və nəticələri aydın şəkildə təsvir edilməlidir (А4 səhifə, “Times New Roman” şrifti, 12 ölçüdə, sətirlər arası 1,5). Təsvirdə qrafik əlavələr, təcrübə zamanı çəkilmiş şəkillər də əlavə oluna bilər. İşin tövsiyə edilən həcmi 15 səhifədən çox olmamalıdır. Əsasən materiallar işin daha geniş izahatına və ya onun tədris prosesində tətbiqinə aid olmalıdır. Bütün materiallar (video və laboratoriya hesabatı) arxiv şəklində (zip və ya rar formatda) 15 MB həcmindən çox olmamaqla təqdim edilir. Əgər təqdim edilən işin həcmi 15 MB həcmindən çox olarsa, “bulud” texnologiyalarından (wetransfer.com, dropbox.com və s.) istifadə etməklə işi yerləşdirib linki təqdim etmək lazımdır. Materialların siyahısı isə ərizənin müvafiq hissəsində qeyd olunmalıdır.
6. Müsabiqəyə qrup halında hazırlanmış işlər də buraxılır. Qrupun tərkibi bir müəllim və 3 şagird olmaqla 4 nəfərdən çox olmamalıdır. Qrup rəhbəri kimi müəllimin adı ərizə formasında göstərilməli, digər üzvləri barədə məlumat isə layihənin qısa təsviri olan hissədə qeyd edilməlidir.
7. Müsabiqəyə təqdim edilən işlərin üzərində müsabiqənin yekunları elan edildiyi günədək heç bir əlavə və dəyişiklik aparılmamalıdır. Belə hallar aşkar edildikdə iş müsabiqədən kənarlaşdırılacaqdır.
8. Müsabiqədə qalib gəlmiş iştirakçı və onun hazırladığı resurs, həmçinin bu resursdan istifadə edilməklə hazırlanan hər hansı bir yeni və ya oxşar resurs növbəti 2 il ərzində müsabiqəyə təqdim oluna bilməz.